Xəzər Lənkəran FK — 2004-cü ildə Lənkəran şəhərində yaradılmışXəzər Lənkəranda klub tarixinin ikincisi və 450-ci qolun müəllifi və 2016-cı ilin may ayında Azərbaycan çempionatlarında iştirakını dayandıranadək Azərbaycan Premyer Liqasında çıxış edən futbol klubu. "Xəzər Lənkəran" 1 dəfə Azərbaycan çempionu, 3 dəfə Azərbaycan kubokunun, 1 dəfə Azərbaycan Superkubokunun və 1 dəfə Birlik Kubokunun qalibi olmuşdur. Klub 2006-cı ilin 11 avqust tarixindən etibarən ev oyunlarını 15000 (on beş min) azarkeş tutumuna malik olan Xəzər Lənkəran Mərkəzi stadionunda keçirib.

Tarix

Klubun yaradılması və ilk mövsüm "Xəzər Lənkəran FK" 2004-cü ildə Azərbaycanda doğulmuş Talış iş adamı Mübariz Mənsimovun təşəbbüsü ilə yaradılıb. Klubun ilk baş məqşçisi Nazim Süleymanov, daha sonra isə türkiyəli mütəxəssis Rasim Kara olmuşdu. Yarandığı ilk ildə klub həmin vaxta qədər Türkiyədə "Trabzonspor", "Beşiktaş", "Fənərbaxça", İspaniyada "Las Palmas", Almaniyada isə "Nürnberq" kimi klublardan çıxış etmiş təcrübəli türk futbolçusu Oqtay Dərəlioğlunu öz heyətinə cəlb etmişdi. Klub yarandığı ilk mövsümdən Azərbaycan Çempionatının "yüksək dəstə"sində çıxış etməyə başlamışdı. Mövsümün sonunda "Xəzər Lənkəran" və "Neftçi" hərəyə bərabər olaraq 78 xal toplamışdı. AFFA-nın qərarı ilə 2004/2005 mövsümünün Azərbaycan çempionunun müəyyənləşdirilməsi üçün "Qızıl oyun" keçirilməsi qərara alındı. Hər iki komandanın çempionuq uğrunda mübarizə aparacağına görə qarşılaşmanın neytral meydanda keçirilməsi qərara alınmışdı və buna əsasən də matç 2005-ci ilin 10 iyun tarixində Gəncə şəhərində Gəncə şəhər stadionunda keçirildi. Bu oyunu 25 min tamaşaçı stadionda canlı izlədi Hakimlərin qərəzliliyi barədə istənilən mübahisənin əvvəlcədən qarşısını almaq üçün isə referi briqadasını ölkənin hüdudlarından kənarda axtarmaq məqsədəuyğun sayıldı və nəticədə milli çempionatlar tarixində ilk dəfə olaraq əcnəbi hakimin Azərbaycan klublarınının matçını idarə etdi. Bu hakim, isveçrəli Karlo Bertolini oldu. Həmin matçda "Xəzər Lənkəran" ilk hissədə hesabı açsa da, ikinci hissədə 2 qol buraxaraq "Neftçi"yə 1:2 hesabı ilə məğlub oldu.. Yarandığı ilk mövsümdə "Xəzər Lənkəran" Azərbaycan çempioatının gümüş medallarını qazandı. Klubun oyunçusu Samir Əliyev 31 oyuna 20 qol vuraraq yekunda bombardirlər cədvəlində Zaur Ramazanovdan (26 oyuna 21 qol) sonra 2-ci yeri tutdu. Oqtay Dərəlioğlu isə 21 oyuna 17 qol vurmaqla 3-cü yerdə qərarlaşdı. Çempionatda 2-ci yeri tutmaq kluba hal-hazırda Avropa Liqası adlandırılan UEFA kubokunda iştirak etmək hüququ verdi.

2004/2005-ci il mövsümündə çempionat oyunlarında "Xəzər Lənkəran" ən böyük qələbəsini Sumqayıt şəhərini təmsil edən "Gənclərbirliyi" klubu üzərində qazandı. 3 noyabr 2004-cü ildə Lənkəranda keçirilən qarşılaşmada yerli komanda sumqayıtlıları 6:0 hesabı ilə məğlub etdi. Çempionat oyunlarında klubun heyətində ən çox oyun keçirən futbolçular Alim Qurbanov və Samir Əliyev oldu. Onlar hərəyə 31 dəfə meydana çıxdılar. Ədəhim Niftəliyev 28, Aleksandr Martyoşkin və Rəşad Abdullayev isə 26 oyunda iştirak etdilər. Xaqani Məmmədov, Füzuli Məmmədov, Miroslav Saviç və Vyaçeslav Lıçkin isə hərəyə 24 dəfə meydanda oldular. Oqtay Dərəlioğlu 21, Martin Stankov isə 17 oyunda iştirak etdi. Çempionatda klubun qol vuran oyunçuları Samir Əliyev (20), Oqtay Dərəlioğlu (17), Xaqani Məmmədov (6), Bəxtiyar Musayev (4), Paşa Əliyev (3), Vyaçeslav Lıçkin (3), Alim Qurbanov (3), Rəşad Abdullayev (2), İlqar Qurbanov (2), Səbuhi Sadiqov (2), Martin Stankov (1), Çori İlir (1), Məsut Kumçuoğlu (1) və Vüsal Hüseynov (1) oldular. "Qızıl oyunu" da saysaq Lənkəran təmsilçisi ilk mövsümündə çempionatda 35 oyun keçirdi. 24 oyunda qələbə, 6 oyunda heç-heçə və 5 oyunda məğlub oldu. Rəqib qapılarına 69 qol vuran Lənkəran təmsilçisi öz qapısından 17 qol buraxdı. İlk mövsümdə çempionatda ev oyunlarında ən yaxşı nəticəni "Xəzər Lənkəran" əldə etdi. Öz evində heç bir oyunda məğlub olmayan Lənkəran təmsilçisi 14 oyunda qələbə qazandı, 3 oyunda isə heç-heçə etdi.

2004/2005-ci il mövsümündə "Xəzər Lənkəran" Azərbaycan kubokuna 1/8 final mərhələsində qoşuldu. Bu mərhələdə klubun rəqibi Yevlaxın "Karvan" klubu oldu. Hər iki oyun 1:1 hesabı ilə başa çatdı deyə, cütlüyün taleyi oyundan sonrakı penalti zərbələrində aydınlaşdı. "Xəzər Lənkəran" rəqibini 4:5 hesabı ilə məğlub edərək növbəti 1/4 final mərhələsinə adladı. Bu mərhələdə Lənkəran təmsilçisinin rəqibi Bakının "MOİK" klubu oldu. "Xəzər Lənkəran" rəqibini hər iki oyunda 1:0 hesabı ilə məğlub edərək 1/2 final mərhələsinə keçdi. Bu mərhələdə klubun rəqibi Bakının "İnter" kollektivi oldu. "İnter" evində 2:1 hesabı ilə qalib gəldiksən sonra Lənkəranda 1:1 hesablı heç-heçə əldə etməklə finala vəsiqə qazandı. Azərbaycan kubokunda ilk mövsümündə "Xəzər Lənkəran" 6 oyun keçirdi. Lənkəran təmsilçisi bu oyunların əsas vaxtında 2 dəfə qələbə, 3 dəfə heç-heçə, 1 dəfə məğlub oldu. Rəqib qapılarına 6 qol vurub 5 qol buraxdı.

UEFA Kubokunun 1-ci təsnifat mərhələsində "Xəzər Lənkəran"ın rəqibi Moldovanın "Nistru" klubu oldu. Lənkəran təmsilçisi səfərdə 3:1 hesabı ilə, evdə isə 1:2 hesabı ilə rəqibinə məğlub oldu. 14 iyulda Kişinyovda keçirilən oyunda "Xəzər Lənkəran"ın yeganə qolunu Zaur Ramazanov vurdu. Hələ öz yeni stadionu olmadığına görə cavab qarşılaşması Bakıda 28 iyul tarixində Tofiq Bəhramov adına Respublika stadionunda keçirildi. Bu oyunda "Xəzər Lənkəran"ın yeganə qolunu Samir Əliyev vurdu. Moldovanın "Nistru" klubu ilə UEFA kubokundakı qarşılaşmalar "Xəzər Lənkəran"ın Avropa arenasında ilk matçları oldu.

2005/2006 2005-ci ilin yayında Rasim Kara "Xəzər Lənkəran"ını tərk etdi. Klubun baş məşqçisi yenidən Nazim Süleymanov təyin edildi, lakin azərbaycanlı mütəxəssisin klubdakı ikinci dönəmi də uzun çəkmədi. Nazim Sülmaymanovu klubun baş məşqçisi postunda müvəqqəti olaraq türkiyəli mütəxəssis Şenol Fidan əvəzlədi. Şenol Fidan da öz növbəsində klubda çox qala bilmədi və onu ukraynalı mütəxəssis Viktor Pasulko əvəzlədi. Bütün bunlar öz əksini klubun çempionatdakı çıxışında göstərdi. Lənkəran təmsilçisi 2005/2006-cı il mövsümünü 36 xalla 7-ci pillədə başa çatdırdı. Klub həmin il çempionatda 26 oyun keçirdi. 9 dəfə qələbə qazanan və 9 dəfə heç-heçə edən Lənkəran təmsilçisi 8 oyunda məğlub oldu. Rəqib qapılarına 27 qol vuran "Xəzər Lənkəran" öz qapısında 18 qol gördü. Bu mövsümdə klubun ən böyük hesablı qələbəsi "MOİK" üzərində oldu. 16 aprel 2006-cı ildə Lənkəranda keçirilən qarşılaşmada yerli klub rəqibini 6:0 hesabı ilə məğlub etdi.

Klubun heyətində çempionat oyunlarında ən çox meydana çıxan şəxs Mahmud Qurbanov oldu. Azərbaycanlı futbolçu 25 dəfə meydana çıxdı və bu oyunlarda 2 dəfə fərqlənməyi bacardı. Bu mövsümdə Mahmud Qurbanovdan sonra ən çox oyun keçirən futbolçular Rəşad Abdullayev (24 oyun), Emin Quliyev (23 oyun), İlqar Qurbanov (21 oyun), Miroslav Saviç (21 oyun), Alim Qurbanov (20 oyun), Martin Stankov (20 oyun), Zaur Ramazanov (20 oyun) və Füzuli Məmmədov (19 oyun) oldular. Digər futbolçular 17 və ya daha az oyun keçirdilər. Bu mövsümdə çempionatda klubun ən çox qol vuran futbolçusu Samir Əliyev oldu. Samir Əliyev 11 oyuna 4 qol vurdu. Daha sonra Samir Əliyev "İnter" klubuna transfer olundu və çempionatın ikinci yarısını orada keçirdi. Katalin Lita və Vüqar Nadriov hərəyə 3 qol vurdular. Mahmud Qurbanov, Alim Qurbanov, Zaur Ramazanov, Xəqani Məmmədov, Robert İlyes, Daniel Muntyanu və İonut Savu hərəyə 2 qolla fərqləndilər. Emin Quliyev, İlqar Qurbanov və Marinko Petkoviç isə 1 qolla fərqləndilər.

2005/2006-cı il mövsümündə "Xəzər Lənkəran" ölkə kubokuna 1/8 final mərhələsində qoşuldu. Klubun ilk rəqibi Qusarın "Şahdağ" komandası oldu. "Xəzər Lənkəran" rəqibini 2:0 və 1:0 məğlub edərək növbəti mərhələyə vəsiqə qazandı. 1/4 final mərhələsində Lənkəran təmsilçisinin rəqibi İmişlinin "MKT-Araz" kollektivi oldu. 0:0 hesablı heç-heçə və 1:0 hesablı qələbə qazanan "Xəzər Lənkəran" 1/2 final mərhələsinə vəsiqə qazandı. Burada klubun rəqibi Yevlaxın "Karvan" klubu oldu. Öz evində 1:0 hesablı qələbə qazanan "Xəzər Lənkəran" səfərdə rəqibinə 3:0 hesabı ilə məğlub oldu və "Karvan" finala vəsiqə qazandı. Bu mövsümdə ümumilikdə Lənkəran təmsilçisi Azərbaycan kubokunda 6 oyun keçirdi. Bu oyunları 4-də qələbə qazanan "Xəzər Lənkəran" 1 oyunda heç-heçə etdi və 1 oyunda məğlub oldu.

Bu mövsümdə "Xəzər Lənkəran"ın heyətində 6 fərqli ölkədən 10 legioner çıxış etdi. Miroslav Saviç, Marinko Petkoviç və Slaven Stankoviç Serbiyanı təmsil etmişdilər. Robert İlyeş, İonut Savu və Katalin Lita Rumıniyanı təmsil etmişdilər. Martin Stankov Bolqarıstan, Aleksandr Martyoşkin Belarus, Daniel Muntyanu Rusiya, Kinqsli Atakora isə Qananı təmsil etmişdi.

2006/2007 2005/2006-cı il Azərbaycan çempionatında uğursuz çıxış edən "Xəzər Lənkəran" turniri 7-ci yerdə bitirdi. 7 iyun 2006-cı ildə keçirilən mətbuat konfransında klubun icraçı direktoru Tuyqun Nadirov ukraynalı baş məşqçi Viktor Pasulkonun işdən azad edilməsi barədə məlumatı ictimaiyyətə çatdırdı. Klubun yeni baş məşqçisi Ağasəlim Mircavadov təyin edildi. Çempionatın ilk turunda "Xəzər Lənkəran" "Gəncə" klubu ilə qarşılaşmalı olsa da, Gəncə təmsilçisi AFFA-ya iştirak ərizəsi təqdim etmədiyinə görə çempionatdan uzaqlaşdırıldı. Elə buna görə ilk turda keçirilməli olan bu matç baş tutmadı. 11 avqust 2006-cı ildə klubun yeni stadionu istifadəyə verildi. Xəzər Lənkəran Mərkəzi Stadionunun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və "Xəzər Lənkəran" klubunun prezidenti Mübariz Mənsimov iştirak etdi. Elə həmin gün Lənkəran təmsilçisi yeni stadionunda ilk oyununda Bakının "Neftçi" klubu ilə qarşılaşdı. Öz stadionunda ilk "Böyük oyun" Lənkəran təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatdı. 23 may 2007-ci ildə, çempionatın sonuncu turunda "Xəzər Lənkəran" Qəbələdə yerli "Gilan" klubunu 0:3 hesabı ilə məğlub edərək 56-cı xalını topladı və turnir cədvəlində 1-ci yerdə qərarlaşdı. Beləliklə "Xəzər Lənkəran" yarandığı 3-cü ildə ilk dəfə olaraq Azərbaycan çempionu oldu. Çempionluq yolunda Lənkəran təmsilçisi əzəli rəqibi "Neftçi"ni qabaqladı. 13 komandanın iştirak etdiyi çempionatda "Xəzər Lənkəran" 24 oyun keçirdi. Lənkəran təmsilçisi bu oyunların 17-də qələbə qazandı, 5-də heç-heçə etdi və yalnız 2 oyunda məğlub oldu. Rəqib qapılarına 50 qol vuran Lənkəran təmsilçisi 16 qol buraxdı. Yeni stadion Lənkəran təmsilçisi üçün alınmaz qalaya çevrildi. "Xəzər Lənkəran" çempionatda öz evində çıxış etdiyi 12 oyunun heç birində məğlub olmadı. 9 oyun qalibiyyət, 3 oyun isə heç-heçə ilə başa çatdı. Bu nəticə ilə "Xəzər Lənkəran" 2006/2007-ci il mövsümündə öz evində məğlub olmayan yeganə klub oldu.

Çempionatın bombardiri "Xəzər Lənkəran"ın hücumçusu Zaur Ramazanov oldu. Zaur Ramazanov 24 oyunda rəqib qapılarına 20 qol vurdu və ən yaxın izləyicisi, artıq həmin vaxt "Olimpik" klubunda çıxış edən Xaqani Məmmədovu 7 qolla qabaqladı. "Xəzər Lənkəran"ın heyətində çempionat oyunlarında hamıdan çox Mahmud Qurbanov və Zaur Ramazanov iştirak etdi. Azərbaycanlı futbolçuların hər ikisi 24 dəfə meydana çıxdılar. Komandanın heyətində hamıdan çox qolu Zaur Ramazanov (20 qol) vurdu. Emin Quliyev və Rahid Əmirquliyev hərəyə 5 dəfə, Rəşad Abdullayev və Edmond Ntiamoah hərəyə 4 dəfə, İlqar Qurbanov və Ceyhun Sultanov hərəyə 3 dəfə, Vüqar Nadirov və Xorxe Moreno Dias hərəyə 2 dəfə, Mahmud Qurbanov və Alim Qurbanov isə hərəyə 1 dəfə qol vurmaqla fərqləndilər.